Əsas qaydalar
- Səhər ac qarına: səhər yeməyindən ən azı 30–60 dəqiqə əvvəl, bir stəkan su ilə. Hər gün eyni vaxtda.
- Alternativ: səhər mümkün deyilsə, gecə yatmazdan əvvəl, son yeməkdən ən azı 3 saat sonra — bu rejimi həkimlə razılaşdırın.
- Tableti necə içməli: həkim başqa cür demirsə, tablet bütöv, ayrıca su ilə içilir.
- Qarşılıqlı təsirlər: kalsium, dəmir preparatları, antasidlər və mədə turşuluğunu azaldan dərmanlar levotiroksinin sovrulmasını azaldır — arada təxminən 4 saat interval saxlayın. Mədə qoruyucu dərman da qəbul edirsinizsə, hər iki həkiminizə bildirin; çox vaxt levotiroksin səhər, mədə dərmanı isə axşam yeməyindən əvvəl təyin olunur.
- Kontrol: doza dəyişdikdən 4–6 həftə sonra TSH; doza sabitləşdikdən sonra Dr. Dilbazi TSH və sərbəst T4-ü ən gec 6 ayda bir yoxlatdırmağı tövsiyə edir.
- Özbaşına dəyişiklik yox: dərmanı dayandırmayın, dozanı dəyişməyin, preparatın növünü həkimsiz dəyişməyin.
TSH niyə dəyişir?
TSH-a dərmanın yeməkdən nə qədər əvvəl içilməsi, birlikdə qəbul olunan dərmanlar, çəki dəyişikliyi, yanaşı xəstəliklər və hamiləlik təsir edir; normal diapazon daxilində də sabit qalmır. Bir analizdəki kiçik dəyişiklik avtomatik doza dəyişikliyi demək deyil.
Həddindən artıq doza nə ilə nəticələnir?
Kontrol vaxtında aparılmadıqda doza ehtiyacdan çox qala bilər — xüsusən doğuşdan sonra və ya çəki azaldıqdan sonra. Ürəkdöyünmə, boğulma hissi, arıqlama, tərləmə, titrəmə, halsızlıq dərmana bağlı tireotoksikozun əlamətləri ola bilər. Uzunmüddətli həddindən artıq doza sümük əriməsi riskini artırır; normal hormon səviyyəsində isə tiroid dərmanı osteoporoza səbəb olmur.