Şəkərli diabet

Tip 2 şəkərli diabet

Qısa cavab

Tip 2 diabet orqanizmin insulinə həssaslığının azalması və mədəaltı vəzinin kifayət qədər insulin ifraz edə bilməməsi nəticəsində qan şəkərinin xroniki yüksəlməsidir. Diaqnoz aclıq qlükozası ≥126 mq/dl, HbA1c ≥6,5%, OQTT-də 2-ci saat ≥200 mq/dl və ya şikayətlər fonunda təsadüfi qlükoza ≥200 mq/dl ilə qoyulur. Müalicə fərdi qurulur və məqsəd həm şəkəri, həm də ürək, böyrək, göz və ayaq ağırlaşmalarının riskini azaltmaqdır.

Sxematik təsvir: sutka ərzində qan şəkərinin dəyişməsi; 70 mq/dl — hipoqlikemiya həddi, 180 mq/dl — yeməkdən sonrakı pik üçün hədəf (ADA)

Əlamətlər

Tez-tez və çox sidik ifrazı, susuzluq, ağız quruluğu, səbəbsiz arıqlama və ya əksinə çəki artımı, yorğunluq, görmənin dumanlanması, yaraların gec sağalması, tez-tez sidik yolu və dəri infeksiyaları, əl-ayaqda keyimə və "qarışqa gəzmə" hissi. Bir çox insanda isə xəstəlik illərlə əlamətsiz gedir və təsadüfən aşkarlanır.

Diaqnostika

Aclıq qlükozası, HbA1c, oral qlükoza tolerantlıq testi; nəticə adətən təkrar analizlə təsdiqlənir (bax: Qan şəkəri testləri). Diaqnozdan sonra böyrək funksiyası (kreatinin, eGFR, sidikdə albumin), lipid profili, göz dibi, ayaq müayinəsi və ürək-damar riski qiymətləndirilir.

Hədəflər

Ümumi tibbi məlumat · beynəlxalq klinik təlimatlara əsasən

  • HbA1c: bir çox böyüklər üçün <7%; yaşlı, ağır ürək xəstəliyi və ya tez-tez hipoqlikemiya riski olanlarda hədəf fərdi olaraq daha yumşaq seçilir.
  • Yeməkdən əvvəl qlükoza 80–130 mq/dl, yeməkdən sonrakı pik <180 mq/dl (ADA).
  • Təzyiq, xolesterin və çəki hədəfləri də müalicənin bir hissəsidir.

Müalicə

  • Həyat tərzi: fərdi qidalanma (porsiya, karbohidratın keyfiyyəti və miqdarı), fiziki aktivlik, çəkinin azaldılması, siqaretdən imtina, yuxu.
  • Dərmanlar: metformin, SGLT-2 inhibitorları, GLP-1 reseptor aqonistləri və digər qruplar; ürək, böyrək xəstəliyi və ya piylənmə olduqda bu xüsusiyyətlərə uyğun dərmanlar seçilir.
  • İnsulin: şəkər çox yüksək olduqda, digər müalicələr kifayət etmədikdə, hamiləlikdə və ya bəzi böyrək xəstəliklərində. İnsulin asılılıq yaratmır.
  • Özünənəzarət: qlükometr və ya fasiləsiz qlükoza monitorinqi (CGM) ilə ölçmələr, nəticələrin qeyd olunması.
Həkimin yanaşması

Dr. Mədinə Dilbazinin yanaşması

  • Fərdi müalicə: "Eyni müalicəni hər pasiyentə tətbiq edə bilmərik." Həkim müalicəni diabetin növünə, pasiyentin yaşına, çəkisinə, xəstəliyin müddətinə, həyat tərzinə və yanaşı xəstəliklərinə görə seçdiyini vurğulayır.
  • Pasiyent təhsili: diabetin düzgün idarəsi üçün pasiyentin xəstəliyini mənimsəməsini və həkimi tərəfindən ətraflı məlumatlandırılmasını əsas sayır: "Nə qədər çox bilsək, o qədər doğru yönləndirə bilərik xəstəliyimizi. Diabet bizi yox, biz diabeti yönləndirək!" 2018-ci ildə pasiyentlər və yaxınları üçün "Diabet məktəbi" (müayinə və müalicə, pəhriz qaydaları, ayaqlara qulluq, insulin istifadəsi), 2025-ci ildə Leyla Medical Center-də Dr. Aysel Cəfərova ilə birlikdə "Şəkərli diabetin fərqində olaq" seminarı keçirib.
  • Çətin pasiyentlər: diabetini qəbul etməyən, müalicədən imtina edən pasiyentlərlə uzun söhbətlər apararaq diyeti və müalicəni izah etdiyini, belə pasiyentlərin xəstəliklə "barışmasını" işinin ən dəyərli tərəflərindən biri saydığını yazır.
  • Mif və həqiqətlər: "İnsulin asılılıq yaradır", "şəkər dərmanı böyrəyi çürüdür", "pəhriz saxlasam ömür boyu normal şəkərim olacaq" kimi inanclarla ardıcıl mübarizə aparır (bax: Diabet haqqında ən çox eşidilən yanlış inanclar). Müalicə yenidən qurulduqda bəzi pasiyentlərdə insulin dozasının azaldıla və ya insulinin dayandırıla biləcəyini, lakin bunun yalnız həkim qərarı ilə edilməli olduğunu xüsusi vurğulayır.
  • Kardio-renal qorunma: xroniki böyrək xəstəliyi olan tip 2 diabetli pasiyentlərdə semaqlutidin böyrək və kardio-metabolik qoruyucu təsirinə dair klinik hal təqdimatı ilə çıxış edib (2025); 2025-ci ildə Dubayda keçirilən ACT (Advancing Cardio-metabolic Treatment) sammitində iştirak edib.
  • Qadınlar və ürək: diabeti olan qadınlarda "qadın olmaq ürəyi qoruyur" fikrinin keçərli olmadığını, ürək xəstəliyinin tipik sinə ağrısı vermədən gedə biləcəyini və bütün diabetlilərin ürək-damar riskinə görə qiymətləndirilməli olduğunu vurğulayır.

Təcili hallar

Çox yüksək şəkər fonunda şiddətli susuzluq, qusma, qarın ağrısı, nəfəs darlığı, ağızda aseton qoxusu, çaşqınlıq və ya huşun pozulması, həmçinin ağır hipoqlikemiya (qan şəkəri <54 mq/dl, huşun pozulması) təcili tibbi yardım tələb edir — 103.

Dr. Mədinə DilbaziEndokrinoloq-diyetoloq

Tez-tez axtarılanlar

Qəbula yazılın

Qəbul öncədən qeydiyyatla aparılır — gəlməzdən əvvəl zəng edin və ya WhatsApp-a yazın. Leyla Medical Center, Yusif Səfərov küçəsi 19, Xətai rayonu.

Zəhmət olmasa, formaya ətraflı tibbi məlumat yazmayın — onları qəbulda həkimlə müzakirə edəcəksiniz.

Forma məlumatı saytda saxlanmır: mesaj sizin cihazınızda hazırlanıb WhatsApp vasitəsilə göndərilir.

Kuki ayarları