Piylənmə nə qədər yayılıb?

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə 2022-ci ildə dünyada 2,5 milyard böyük insan artıq çəkili idi; onlardan 890 milyonu piylənmə ilə yaşayırdı. Piylənmə artıq yalnız estetik məsələ kimi yox, ciddi xroniki xəstəlik kimi qəbul edilir.

Qədim beyin, müasir mühit

İnsan beyni minilliklər boyu bir qayda ilə işləyib: enerji varsa qəbul et, ehtiyat topla və gələcək aclıqdan qorun. Bu mexanizm vaxtilə insanı həyatda saxlayırdı. Bu gün isə yüksək kalorili, yağlı, şəkərli, qablaşdırılmış qidalar gündəlik həyatın bir hissəsidir, hərəkət isə azalıb. Beyin hələ də "tapdınsa ye və yığ" prinsipi ilə işləməyə davam etdiyi üçün qəbul olunan enerji sərf olunandan çox olur — piylənmənin əsas səbəblərindən biri qədim beyinlə müasir mühitin uyğunsuzluğudur.

Hansı amillər rol oynayır?

  • Metabolik və hormonal: insulin rezistentliyi, hipotireoz, polikistik yumurtalıq sindromu, kortizol artıqlığı.
  • Genetik: çəki artımına və yağın müəyyən nahiyədə toplanmasına meyil.
  • Psixoloji: stress, emosional yemək, depressiya.
  • Sosial və vərdişlər: ailə qidalanma ənənələri, oturaq iş, qısa yuxu, hər yerdə əlçatan yüksək kalorili qida.

Vaxtında müalicə nəyi dəyişir?

Piylənmə müalicə olunmadıqda diabet, ürək-damar xəstəlikləri, qaraciyər və böyrək xəstəlikləri, sümük-oynaq problemləri, sonsuzluq, bəzi xərçəng növləri və psixososial problemlər riskini artırır. Piylənməsi olan insana vaxtında müdaxilə etmək onu bu risklərdən qorumaq, həyat keyfiyyətini artırmaq deməkdir.

Özünüzü necə yoxlayasınız?

Bədən kütlə indeksi (BKİ) = çəki (kq) / boy² (m). 25–29,9 — artıq çəki, 30 və yuxarı — piylənmə. Məsələn, 80 kq çəki və 1,70 m boyda BKİ 27,7-dir — artıq çəki. BKİ yağın paylanmasını göstərmədiyi üçün həkim bel çevrəsini və bədən kompozisiyasını da qiymətləndirir.

Müalicə: dərman, cərrahiyyə və vərdişlər

Piylənmə digər xəstəliklər kimi müalicə olunur: həm dərmanlarla, həm də seçilmiş hallarda cərrahi yolla. Sağlam qidalanma və hərəkət vərdişləri əlavə edildikdə nəticə daha yaxşı və davamlı olur.

Ətrafınızdakılara bir xahiş

Başqasının çəkisini şərh etmək — "kökəlmisən", "çox arıqlamısan", "üzün çöküb" — onun enerjisini alır və bəzən müalicəni yarıda qoymasına səbəb olur. Çəkinin arxasında endokrin xəstəlik, emosional problem və ya dərman təsiri dayana bilər. Çəki verməyə çalışan yaxınınızı demotivə etməyin, ona dəstək olun.

«Endokrinologiyanın məni ən çox həyəcanlandıran sahəsi məhz piylənmədir. Ən çox baxdığım xəstə profili də piylənməsi olan pasiyentlərdir. Uşaqlıqdan özüm də artıq çəki ilə mübarizə apardığım üçün belə alınıb.»

Dr. Mədinə Dilbazi