Prolaktin analizinin nəticəsində "yüksək" sözünü görən bir çox insan dərhal hipofiz şişindən qorxur. Halbuki prolaktin bir çox səbəbdən yüksələ bilər.

Prolaktini nə vaxt yoxlatmaq lazımdır? Aybaşı sikli pozulubsa; sonsuzluq varsa; süd vəzilərindən süd ifrazı (laktasiyadan kənar) varsa; səbəbsiz çəki artımı varsa; üzdə, qarında, ətraflarda artıq tüklənmə varsa; kişilərdə cinsi istək azalıbsa; MRT-də hipofiz nahiyəsində törəmə aşkarlanıbsa. Şikayətiniz yoxdursa, aybaşı sikliniz düzgündürsə və sonsuzluq problemi yoxdursa, prolaktin analizi vermək lazım deyil.

Prolaktini artıran səbəblər: hamiləlik və əmizdirmə; bəzi dərmanlar (antidepressantlar, antipsixotiklər, oral kontraseptivlər, ürəkbulanma əleyhinə dərmanlar və s.); hipotireoz; stress (o cümlədən qanalma anındakı gərginlik); ağır idman; prolaktinin bioloji aktiv olmayan "böyük" forması — makroprolaktin.

Nə edilir? Endokrinoloq səviyyəni klinik şikayətlərlə birlikdə qiymətləndirir, lazım olduqda analizi təkrarlayır, makroprolaktini yoxlayır və yalnız göstəriş olduqda hipofizin MRT-sini təyin edir. Klinik əlamət və ya şişlə müşayiət olunmayan prolaktin yüksəkliyi çox vaxt müalicə tələb etmir. Prolaktinoma aşkarlanarsa, əsas müalicə dərman (dopamin aqonistləri) ilə aparılır.