Qalxanabənzər vəz kiçik olmasına baxmayaraq bütün orqanizmin ritmini müəyyən edən "orkestrin dirijoru"dur. Ölkəmizdə tiroid vəzinin bütün xəstəlikləri xalq arasında "zob" adlanır və qadınlarda daha çox rast gəlinir.
Hormonlar azalanda metabolizm yavaşlayır, artanda isə nəzarətdən çıxacaq qədər sürətlənir. Təsirlər:
- Ürək-damar: ürəkdöyünmə, təzyiqin dəyişməsi, qanda xolesterinin artması;
- Beyin və sinir sistemi: diqqət dağınıqlığı, unutqanlıq, əsəbilik, depressiv əhval;
- Tənəffüs və boyun: boğulma, sıxılma hissi;
- Həzm: qəbizlik və ya ishal, çəki artımı və ya arıqlama;
- Əzələ və oynaqlar: yorğunluq, əzələ və oynaq ağrıları;
- Bədən temperaturu: üşümə və ya həddindən artıq istilik hissi, tərləmə (isti havaya baxmayaraq qeyri-adi tərləmə tiroid yoxlanışı üçün əsas ola bilər);
- Reproduktiv sistem: aybaşı pozuntuları, hamilə qalmaqda çətinlik;
- Dəri, saç, dırnaq: dəri quruluğu, saç tökülməsi.
Ən çox rast gəlinən növlər: Haşimoto tireoiditi (çox vaxt vəzin funksiyasının azalması ilə), düyünlü zob (bir və ya bir neçə düyün; diaqnozu ultrasəs və hormon analizləri verir), zəhərli zob — Qreyvs xəstəliyi və ya toksik adenoma.
May — tiroid fərqindəlik ayıdır, 25 may isə Dünya Tiroid Günüdür. Tiroid xəstəliklərinin əlamətlərini tanıyın və vaxtında müayinə olunun.